AMEA: Bakının su təchizatında Böyük Qafqazdakı basdırılmış çay dərələrinin ehtiyatlarından istifadə olunmalıdır

AMEA: Bakının su təchizatında Böyük Qafqazdakı basdırılmış çay dərələrinin ehtiyatlarından istifadə olunmalıdır
# 17 iyul 2020 12:10 (UTC +04:00)

“Müxtəlifyönlü su mənbələrindən Bakının su ilə təchizatına geniş imkanlar yaradılması daim həyata keçirilməlidir. Bunun üçün kifayət qədər mənbələr var. Bu mənada Bakının su təchizatında Böyük Qafqaz dağlarının cənub-şərq hissəsində olan basdırılmış çay dərələrinin su ehtiyatlarından istifadə edilməsi olduqca önəmlidir. Bu haqda düşünmənin artıq vaxtı çatıb”.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, lakin basdırılmış çay dərələrinin su ehtiyatlarından istifadə edilməsi üçün burada ciddi geoloji və geomorfoloji, landşaft tədqiqatlarına ehtiyac var: “Azərbaycanda su problemi çoxdankı problemdir. Uzun illər apardığımız tədqiqatlar göstərir ki, Kür dağarası çökəkliyində problem uzun illərdir mövcuddur, lakin bu problemin həllinə cəhd nisbətən az olub”.

M. İsmayılov bildirib ki, problemin əsas səbəblərindən biri son illərdə iqlim dəyişmələrinin baş verməsidir: “İqlimdə istiləşmə suvarma normasına olan tələbatı artırır. Yəni iqlimin suvarma norması var, istiləşmə ilə bu norma artır. Sahəyə bu normadan artıq su verilməsi doğru deyil. Lakin burada bitkinin fizioloji tərəflərini də nəzərə almaq lazımdır. İqlimdə gedən istiləşmə qonşu ölkələrin tranzit çayların su ehtiyatlarından istifadəyə marağını artırıb. İran, Ermənistan, Gürcüstan ərazisində tranzit çayların suyundan geniş istifadə edilir. Buna görə də problemin həllinin siyasi tərəfi var. Dövlətlərarası münasibətlərdə su ehtiyatlarından səmərəli istifadə etmək, aşağı axındakı ölkələri pis vəziyyətdə qoymamaq məqsədilə müəyyən işlər görülməlidir. Bir sıra ölkələrdə bu problem var. Bu, Misir-Sudan, Özbəkistan-Tacikistan arasında müharibə səviyyəsinə qədər qalxan bir problemə çevrilib. Görünür, Azərbaycan artıq bu sahədə siyasi cəhətdən öz sözünü deməlidir. Digər ölkələrdən tranzit sularından istifadə edərkən düşünmələri tələb olunmalıdır”.

M. İsmayılov qeyd edib ki, su probleminin yaranmasının ikinci səbəbi su idarəçiliyi ilə bağlıdır: “Sudan istifadə edən və suyu verən təşkilatlar arasında elə əlaqələr qurulmalıdır ki, sonda bu vəziyyətə gətirib çıxarmasın. Buna görə də “Azərsu”, Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA da daxil olmaqla bu sahədə əlaqələndirilmiş, suların düzgün idarəolunması konsepsiyası işlənib hazırlanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR