AzTU-da bəzi kafedralar birləşdirilib

AzTU-da bəzi kafedralar birləşdirilib
  • Clock-gray 11:07
  • calendar-gray 04 Fevral 2021

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, AzTU-nun 70 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən universitetin 25 əməkdaşı mükafatlandırılıb. Universitetin fəaliyyətinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkür ifadə olunub. Bundan başqa, qeyd olunub ki, AzTU-nun 70 illiyi münasibəti ilə təhsil naziri Emin Əmrullayev də universitetin 27 əməkdaşını xüsusi mükafata layiq görüb.

Daha sonra bildirilib ki, AzTU-da aparılan struktur islahatları ilə əlaqədar olaraq, bir sıra kafedraların yenidən təşkili zərurəti yaranıb. Belə ki, elmi-tədqiqat mövzularının müvafiq sahələr üzrə unifikasiyasının, həmçinin tədqiqat-tədris prosesinin təşkilində ixtisaslaşmanın və rasionallığın təmin olunması üçün fakültələr üzrə bəzi kafedraların adları dəyişdirilib, bəzi kafedralar isə birləşdirilərək bazasında yeniləri təşkil olunub.

Ümumilikdə akademik strukturla bərabər inzibati strukturda da müvafiq dəyişikliklər edilərək AzTU-nun təşkilati strukturu təsdiq edilib. 

Qeyd edək ki, AzTU-nun yeni strukturunda müasir texnoloji inkişaf, əmək bazarına inteqrasiya və biznes əlaqələrinin inkişafına istiqamətlənmiş elmi-tədqiqat institutları formalaşdırılıb.

Günay Elşadqızı

Digər xəbərlər