Azərbaycan Prezidenti: “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”

Azərbaycan Prezidenti: “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”
  • Clock-gray 00:26
  • calendar-gray 25 İyun 2020

“Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq”. 

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir: “Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik”. 

Çox böyük planların, çox gözəl perspektivlərin olduğunu deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər: “Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın.

Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir”. 

 

Rəşad Sarıyev

Digər xəbərlər