Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib

Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib
  • Clock-gray 16:20
  • calendar-gray 10 Dekabr 2019

Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib.

APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir. Tədbirdə tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. BDU-nun rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycanın gələcəyi üçün kadr potensialı çox vacibdir: "Bugünkü gənclərimiz bilikli, savadlı, vətənə bağlı və dünyaya açıqdırlar. Bakı Dövlət Universitetində minlərlə gənc var. Gələcəkdə onlar yaşlı nəslin yerini tutacaqlar”.

Təhsil naziri Ceyhun Bayramov Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Nazir savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır: "Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir".

“Bir” Tələbə-Könüllü proqramı BMT İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb. Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub. Həmçinin, ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər. Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.

Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib. Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date