“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Müşahidə Şurası yaradılır

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Müşahidə Şurası yaradılır
# 11 fevral 2021 18:33 (UTC +04:00)

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə Müşahidə Şurası yaradılır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişiklik edilməsi barədə Sərəncamında əksini tapıb.

Sərəncamda bildirilir ki, cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Sərəncamla Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri müəyyən edilib.

Bunlar aşağıdakılardır:

- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Sərəncamda verilənlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR