Bakı küçələrində növbəti dəfə geniş dezinfeksiya aparılıb

Bakı küçələrində növbəti dəfə geniş dezinfeksiya aparılıb
  • Clock-gray 09:00
  • calendar-gray 28 Noyabr 2020

Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də  səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən artıq 17-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilib. Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdar ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.  Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha   çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər