Bakı məktəblərinin direktorları ilə onlayn konfrans keçirilib

Bakı məktəblərinin direktorları ilə onlayn konfrans keçirilib
  • Clock-gray 11:35
  • calendar-gray 17 Sentyabr 2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.

İdarədən APA-ya verilən məlumata görə, 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən konfransda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

İdarə müdiri 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edildiyini diqqətə çatdırıb. 

Koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşıldığını qeyd edən R.Tağıyev təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydaları və COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydalarına ciddi riayət etmələrini tövsiyə edib.

Konfransda çıxış edən İdarənin müdir müavini İlhamə Abdullayeva yeni dərs ilində mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladıb.

Həmçinin müdir müavini məktəblərdə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı görülən işlər, sosial davranış qaydalarının təşviqi, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, şagirdlərin diaqnostik qiymətləndirilməsi məsələləri haqqında da fikirlərini bildirib. Pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət edilməsinin vacibliyini qeyd edib.

Konfransda çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yeni dərs ilinin yeni tələblər və yeni qaydalarla müşayiət olunduğunu bildirib. Ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığının prioritet məsələ kimi daim öndə olduğunu deyən sektor müdiri sanitar-gigiyenik normalara riayət edilməsinin əhəmiyyətini xüsusilə qeyd edib. 

Daha sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Günay Elşadqızı

Digər xəbərlər