Bakıda əqli mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib

Bakıda əqli mülkiyyət  hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib
# 05 dekabr 2019 12:30 (UTC +04:00)

Dekabrın 5-də Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusunda seminar keçirilib.

APA xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, ÜƏMT-nın Hüquq İnstitutunun nümayəndəsi Nahal Zebarcadi, Ombudsman Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri Gündüz Kərimov iştirak ediblər.

Mövzunun aktuallığından söz açan Kamran İmanov məhkəmə-hüquq sistemindən də danışıb. Həmçinin Azərbaycanın "Doing Business" reytinqindəki yerindən bəhs edib.

Daha sonra çıxış edən Gündüz Kərimov bildirib ki, bu mövzuda tədbirin keçirilməsi əqli mülkiyyət hüquqlarının təminatı baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, məhkəmə hüquq sisteminin hissəsi olan əqli mülkiyyət, məhkəməyə müraciət hüquqlarının genişləndirilməsi, hüquq vasitələrinin təminatı vacibdir:

"Əqli mülkiyyət dünyada ən qiymətli dəyərdir. Əqli mülkiyyətin məhkəmə vasitəsilə təminatı vacibdir".

O həmçinin məhkəmə sistemindən danışıb. Bu sahədə aparılan islahatların əhəmiyyətindən söz açıb.

Tədbirin davamında çıxış edən Ombudsman Səbinə Əliyeva hamını salamlayıb. O da mövzunun aktuallığından danışıb:

"Əqli mülkiyyət hüququnun müdafiəsi, əqli mülkiyyət maraqlarının qorunması və bu sahədə hüquq pozulmalarının qarşısının alınması ombudsman fəaliyətində prioritet istiqamətlərdəndir. Bu hüquqların pozulması əqli mülkiyyət sahibləri ilə yanaşı istehlakçıların hüquqlarının pozulmasına mənfi təsir göstərir. Ombudsman olaraq ilk dəfə iştirak etdiyim tədbirdə mənə söz verdiyiniz üçün təşəkkür edirəm".

BDU rektoru Elçin Babayev əqli mülkiyyət və təhsil məsələsinə toxunub. Onun sözlərinə görə, BDU-nun Hüquq fakültəsində Əqli mülkiyyət hüququ üzrə təhsil çoxşaxəli şəkildə təşkil olunub. Qeyd edib ki, tədris olunan fənlərdən biri də Əqli mülkiyyət hüququdur:

"Gələn ildən BDU ilə Əqli mülkiyyət Agentliyi birlikdə Hüquq Fakültəsində Əqli mülkiyyət hüququ adlı yeni kafedra təsis ediləcək. Bununla bağlı bu gün sənəd imzalanacaq",-deyə E.Babayev əlavə edib.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR