Bu il keçirilməsi nəzərdə tutulan imtahanlarda gözlənilən dəyişikliklər açıqlanıb

Bu il keçirilməsi nəzərdə tutulan imtahanlarda gözlənilən dəyişikliklər açıqlanıb
  • Clock-gray 11:33
  • calendar-gray 29 Yanvar 2021

 

"Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır: “Pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaq. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur. Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

DİM sədri deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb: “Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11 ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur. Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir. Beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur. Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur”.

 

Günay Elşadqızı

Digər xəbərlər