DİM ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib

DİM ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib
# 08 iyul 2020 13:52 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn qaydada təşkil olunur və DIM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.

DİM-dən APA-ya verilən məlumata görə, LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

Dövlət İmtahan Mərkəzi 2020-ci ilin may ayında “PeopleCert Qualifications Ltd” təşkilatının qolu olan LanguageCert Qiymətləndirmə Mərkəzinin LanguageCert International ESOL (English for Speakers of Other Languages) adlı beynəlxalq imtahanının ölkədə təşkil olunmasına dair auditi uğurla keçib.

Böyük Britaniyanın qiymətləndirmə üzrə nəzarət qurumu - Ofqual tərəfindən tanınan LanguageCert müxtəlif dillər üzrə (ingilis, ispan, türk) bacarıqların qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirən təşkilatdır.

Təşkilat, həmçinin ALTE və EALTA kimi beynəlxalq qiymətləndirmə assosiyasiyalarının üzvüdür. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

LanguageCert tərəfindən təklif olunan imtahanların Azərbaycanda keçirilməsi gənclərin xarici dil bacarıqlarının qiymətləndirilməsi imkanlarının artırılması məqsədi daşıyır.

IELTS, TOEFL iBT və PTE Academic kimi imtahanların ekvivalenti olan kompüter əsaslı LanguageCert International ESOL imtahanlarını fərqləndirən cəhətlər və imtahanın əsas üstünlükləri aşağıdakılardır:

· İmtahanların yazılı (dinləmə, oxu, yazı) və şifahi (danışıq) hissəsini birlikdə və ya ayrı-ayrılıqda vermək mümkündür;

· İmtahanların şifahi hissəsi ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə əsaslanır. Buna görə də imtahanın bu hissəsi üçün xüsusi hazırlığa ehtiyac yoxdur;

· İmtahanın hər iki hissəsi üzrə namizədlərə səviyyələrini təsdiq edən iki fərqli sertifikat təqdim olunur;

· Sertifikatın etibarlılığı müddətsizdir;

· İmtahandan kəsilən iştirakçılara imtahanın sonunda zəif cavablandırdıqları bölmələrə dair hesabat təqdim olunur;

· Digər beynəlxalq imtahanlarla müqayisədə daha ucuz hesab olunur;

· İmtahan nəticələri 5 gün ərzində elan edilir.

Məlum olduğu kimi, koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dünyanın bir çox yerində, eləcə də ölkəmizdə yerli və beynəlxalq imtahanların keçirilməsi məhdudlaşdırılıb. Bu müddət ərzində imtahan verən şəxslərin yaranmış vəziyyətdən mümkün qədər az təsirlənməsi və imtahan nəticələrinin vaxtında əldə edilməsini təmin etmək məqsədilə LanguageCert DİM ilə sıx əməkdaşlıq edərək, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində təşkil olunan versiyasını da təklif edir.

Əlavə edək ki, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması artıq müxtəlif ölkələrdə tətbiq edilir. Bu növ imtahanlar onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmır. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən proktorinq (nəzarət), həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilir.

LanguageCert digər imtahanlardan fərqli olaraq imtahan iştirakçısına vaxtında texniki yardım göstərmək məqsədilə imtahan platformasının səhifəsində proktor tərəfindən idarə olunan onlayn çat yaradıb. Bu alət imtahan müddətində yarana biləcək müxtəlif növ çətinlikləri zəng etmədən aradan qaldırmaq və proktor ilə daimi əlaqədə olmaq imkanı yaradır.

Ev şəraitində verilən onlayn imtahanların nəticələri imtahan günündən 3 gün sonra elan olunur.

“LanguageCert”in rəsmi internet səhifəsinə hər səviyyə üzrə fərqli və yeni hazırlıq materialları (kitablar, praktiki testlər, nümunələr və s.) daim əlavə olunur.

DİM-də keçiriləcək LanguageCert International ESOL imtahanları haqqında daha ətraflı məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR