Deputat: “Dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsinə ehtiyac var”

Deputat: “Dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsinə ehtiyac var”
# 20 noyabr 2020 14:25 (UTC +04:00)

“Dövlət qulluqçularının seçimi nümunəvi olmalıdır. Bu məqsədlə dövlət qulluğuna qəbul sisteminə yenidən baxılmalı, təkmilləşdirilməli və sadələşdirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, son illərin statistikasına baxanda, əsasən də, mərkəzi icra hakimiyyəti orqanlarında müsabiqəyə çıxarılmış vəzifələrin çoxunun vakant olaraq qaldığı görünür:

“Bunun səbəbləri araşdırılmalı, təhlillər aparılmalıdır. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bundan sonra bizi Qarabağda çoxlu quruculuq işi gözləyir və dövlət qulluğunda kadrlara ehtiyac var. Bu baxımdan dövlət qulluğuna qəbulda müsabiqədə istifadə olunan test imtahanlarının strukturuna yenidən baxılması məqsədəuyğundur. Eyni zamanda, müsabiqədə müvəffəqiyyət əldə etmiş namizədlərin son mərhələ olaraq işlə təmin olunma prosesi insan faktoru ilə bağlıdır. Bu prosesdə dövlət qurumlarının rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, düşüncələrimizi, yanaşma tərzimizi dəyişməli, dövlət idarəçiliyinə yeni təfəkkürlə yanaşmalıyıq. Biz bundan sonra dövlətimizin daha sürətlə inkişafını istəyiriksə, bu amillərə xüsusi diqqət yetirməliyik”.

Deputat qeyd edib ki, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyəti daim öyrənilməli, pozuntular aradan qaldırılmalıdır: “Xüsusilə, qəbul etdiyimiz qanunların icrasına nəzarət mexanizmləri yaradılmalıdır. Bu baxımdan dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanları tərəfindən icra vəziyyəti daim öyrənilməli, pozuntu halları müəyyən edilməli və həmin pozuntu hallarının aradan qaldırılması ilə bağlı tədbirlər görülməlidir. Bu istiqamət üzrə də müvafiq təkmilləşdirilməyə və tənzimləmələrə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR