Deputat: “Koronavirusun yayılmasının qarşısının alınması üçün əsas şərtlərdən biri ictimai məsuliyyət hissinin formalaşmasıdır”

Deputat: “Koronavirusun yayılmasının qarşısının alınması üçün əsas şərtlərdən biri ictimai məsuliyyət hissinin formalaşmasıdır”
# 05 fevral 2021 16:00 (UTC +04:00)

“Xəstəliyin yayılmasının qarşısının alınması üçün ən əsas şərtlərdən biri ictimai məsuliyyət hissinin formalaşmasıdır. Artıq COVİD-19-a ciddi yanaşmağın nə qədər vacib olduğunu hər kəs başa düşür. Sadəcə, qaydalara əməl etmək, özünü və ətrafını qorumaq üçün vətəndaş məsuliyyəti nümayiş etdirmək lazımdır”.

Bunu APA-ya Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda COVİD-19 xəstələrinin başqa vətəndaşları da yoluxdurmasının qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zəruri dəyişikliklər edilib: “Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik olunub. Eyni zamanda Cinayət Məcəlləsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyəti müəyyən edən 139-1 maddəsi əlavə edilib. Ötən il karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 700-ə yaxın şəxs saxlanılıb. Qanunvericiliyə uyğun olaraq, hüquq-mühafizə orqanları belə hallara qarşı bütün mümkün zəruri tədbirləri görür”.

Soltan Məmmədov qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün müasir texnoloji imkanlardan da istifadə olunur. O, ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edən “E-təbib” mobil tətbiqinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb: “Bu sistem evdə müalicə olunan xəstələri izləmək imkanı verir. Eyni zamanda bildiyiniz kimi, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə də davamlı olaraq maarifləndirici tədbirlər, kampaniyalar həyata keçirilir”.

Deputat bildirib ki, digər pandemiyalar kimi, COVİD-19-un da yayılmasının qarşısının alınmasında qanunların sərtləşdirilməsi, maarifləndirmə və təbliğat işləri paralel şəkildə aparılır: “Bütün dünyada, o cümlədən Avropa ölkələrində, qonşu Rusiyada, Türkiyədə müəyyən fərqlərlə eyni üsullardan istifadə edilir. Lakin ən effektiv yol vətəndaşların həmrəylik nümayiş etdirməsi, xəstəliyin təhlükəlilik dərəcəsini düzgün qiymətləndirməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR