Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi qaydası dəyişib

Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi qaydası dəyişib
# 17 yanvar 2020 15:13 (UTC +04:00)


Nazirlər Kabineti “Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi haqqında” qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə elmlər doktoru elmi dərəcəsi üzrə 40 saat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 20 saat norması müəyyən edilib.

İndiyə qədər dissertasiya işləri üzrə rəsmi opponentliyə görə saathesabı ödəniş haqları iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsinin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilib.

Dəyişikliyə əsasən, bundan sonra bu müddəa iddiaçının adyunkt olduğu hallara, o cümlədən elmi təşkilatlara da şamil ediləcək. Başqa sözlə, dissertasiya işləri üzrə rəsmi opponentliyə görə saathesabı ödəniş haqları iddiaçının doktorantı, adyunktu və ya dissertantı olduğu elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.

Qeyd edək ki, rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilir. Qərara əsasən, həmin tədris məşğələlərini aparan professor və ya elmlər doktoruna saathesabı 14,70 manat, dosent və ya fəlsəfə doktoruna 10,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 6,80 manat ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR