Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib
# 17 mart 2021 12:14 (UTC +04:00)

Baş nazir “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, STANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

İndiyə qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Xarici dil üzrə beynəlxalq dil sertifikatı olan STANAG (Standardization Agreement 6001) Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1- ci bəndindəki siyahıya daxil edilmədiyi üçün Dövlət İmtahan Mərkəzinin bazasına yerləşdirilməyib.

STANAG NATO-da dil səviyyəsinin qiymətləndirilməsi üzrə ən aparıcı mexanizm hesab olunur. NATO-nun bütün tərəfdaşlıq proqramlarına qoşulmuş ölkələr Alyans çərçivəsində keçirilən tədbirlərə cəlb olunan, eləcə də vəzifələrə təyin edilən zaman onlardan STANAG sertifikatı tələb olunur. Bu baxımdan, Silahlı Qüvvələrin şəxsi heyətinin dil bacarıqlarının STANAG əsasında mütəmadi qiymətləndirilməsi aparılır.

Bununla əlaqədar olaraq, STANAG sertifikatına malik olan namizədlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunkturasına (doktoranturasına) qəbul imtahanları zamanı xarici dil imtahanından azad olunması məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR