Dövlət qulluğuna qəbulla bağlı təxirə salınmış müsahibələrin onlayn keçirilməsinə başlanılıb

Dövlət qulluğuna qəbulla bağlı təxirə salınmış müsahibələrin onlayn keçirilməsinə başlanılıb
  • Clock-gray 16:30
  • calendar-gray 13 İyul 2020

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gündən etibarən 18 mart 2020-ci il tarixindən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.

DİM-dən APA-ya verilən məlumata görə, 13 iyul 2020-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Ağcabədi Rayon Məhkəməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi üzrə dövlət orqanlarına dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsahibələr keçirilib. Müsahibələrin keçirilmə qrafiki Mərkəzin saytında yerləşdirilib.

Qeyd edək ki, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska ilə və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilir.

Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin inzibati binaları olan Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəmkir, Göyçay və Şirvan Regional Bölmələrindən xüsusi proqram təminatı vasitəsilə qoşulublar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.

Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.

Günay Elşadqızı

Digər xəbərlər