Erməni terroru nəticəsində Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları ziyan dəyib

Erməni terroru nəticəsində Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları ziyan dəyib
  • Clock-gray 10:20
  • calendar-gray 26 Dekabr 2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar respublika elmi konfransı keçirilib. 

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, video konfransa MEK-lə yanaşı, AMEA Naxçıvan Bölməsindən, AMEA-nın İnstitutlarından, həmçinin ölkənin nüfuzlu ali təhsil müəssisələrindən alimlər, doktorant və magistrantlar qatılıblar.

Onlayn konfransı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev erməni faşizminin Azərbaycanın maddi və mənəvi irsini məhv etdiyini, tarixi abidələrini və məscidlərin dağıdıldığını diqqətə çatdırıb.

M.Əliyev bu həqiqətlərin ictimailəşdirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Həmçinin, Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda da təbliğ etmək məqsədilə, bu konfransın materiallarının MEK tərəfindən rus və ingilis dilllərinə tərcümə olunacağını xüsusi nəzərə çatdırıb. 

Eyni zamanda könüllülük prinsipi əsasında AMEA Mərkəzi Elmi Kitabxanası olaraq işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə Kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da üzərlərinə düşən işi yerinə yetirməyə hazır olduqlarını deyib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin plenar iclasda “Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında”  məruzəsi dinlənilib.  

AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, professor  Ramilə Dadaşova “İşğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələri və işğalçı Ermənistan dövlətinin məsuliyyətə cəlb olunmasının hüquqi əsasları” adlı məruzəsində, dağıdılmış maddi mədəniyyət nümunələri əsasında ermənilərin Azərbaycan dövlətçiliyinə və xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərdən danışıb. 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadənin “İrəvan əlyazmalar və sənədlərin qorunması və tədris mərkəzindəki (Matendaran)” adlı məruzəsi olub. Məruzədə Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərinin dəfələrlə ermənilər tərəfindən öz adlarına çıxılaraq nəşr olunmasına münasibət bildirilib.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika” adlı məruzəsində 27 illik erməni işğalının və barbarlığının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyini və vandalizm faktlarını statistik rəqəmlərlə qeyd edib. 

Bakı Dövlət  Universitetinin  Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər” adlı məruzəsində cinayətlərdə iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunmasını hüquqi kontekstdə təhlil edib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva “Füzuli rayonunun talan edilmiş kitab və kitabxana mədəniyyəti” adlı məruzəsində Füzuli rayonunun maddi mədəniyyət nümunələri və kitabxanaları barədə məlumatları görüntülü təqdimatla iştirakçıların diqqətinə çatdırıb.

AMEA Əlyazmalar İnstitutunun doktorantı, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin  “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova “Qarabağda Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaranması tarixi və onların Ermənistan dövləti tərəfindən məhv edilməsi” məruzəsi ilə çıxışı zamanı arxiv və kitabxanaların məhv edilməsinin erməni vəhşiliyinin əsasını təşkil  etdiyini vurğulayıb. T.Rüstəmova erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan edildiyini, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələrinin işğal zonasında qaldığını qeyd edib.  Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəydiyi vurğulanıb.

Sonra vebinar konfrans işini bölmə iclasları ilə davam etdirib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər