FHN rəsmisi: "Son 13 gündə erməni terrorundan zərər çəkən 890 vətəndaşa psixoloji seans keçirilib"

FHN rəsmisi:  "Son 13 gündə erməni terrorundan zərər çəkən 890 vətəndaşa psixoloji seans keçirilib"
# 11 mart 2021 17:32 (UTC +04:00)

Xəbər verildiyi kimi, Vətən müharibəsində zərər görmüş vətəndaşların, müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin psixoloji reabilitasiyasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən klinik psixoloq və psixoterapevtlər dəvət olunub. Yanvar ayında ölkəmizə gələn həkimlər bir ay müddətində Bakıda qəbullar keçirdikdən sonra fevral ayının sonundan müharibədən daha çox zərər çəkən bölgələrimizdə - Gəncə və Bərdədə qəbullarını davam etdirirlər.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyəli mütəxəssislər bu gün Gəncə şəhərində olublar. Onlar Azərbaycan həkimləri ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında müharibədən zərər çəkmiş vətəndaşlara psixoloji seanslar təşkil ediblər.

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva APA-nın yerli bürosuna bildirib ki, fevralın 26-dan başlayaraq bu günə kimi 890 vətəndaşa 2000 minə qədər psixoloji seans keçirilib: “Bərdədə 150, Gəncədə isə 145 vətəndaş psixoloji yardımlardan faydalanıb. Psixoloqlar daha çox raket düşən ərazilərə yaxın yaşayan və bundan sarsılan insanların müraciətlərinə baxıblar. Təkcə terrordan əziyyət çəkən insanlar deyil, həmçinin müharibə iştirakçıları, qazilər və şəhid ailələri də bu xidmətlərdən faydalanır”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin psixoloqları tərəfindən Vətən müharibəsi zamanı cəbhəyanı zonada, habelə erməni terrorunun hədəfi olmuş şəhər və rayonlarda əhaliyə yerində psixoloji yardımın göstərilməsi təmin edilib. Belə ki, psixoloqlarımız şəhid ailəsi üzvlərinə, yaralılara, mərmi və raket zərbəsinə hədəf olmuş evlərin sakinlərinə və müvəqqəti təxliyə olunmuş çoxsaylı vətəndaşa baş çəkərək onlara psixoloji və mənəvi dəstək olublar.

Xatırladırıq ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR