Gəncədə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi nəzarət altındadır - FOTO

Gəncədə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi nəzarət altındadır - FOTO
# 09 yanvar 2021 13:29 (UTC +04:00)

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, bu dəfə nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarına, mədəniyyət, səhiyyə və digər müəssisələrə baş çəkiblər.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı müəssisə rəhbərləri ilə söhbətlər aparılıb. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.

Həmçinin, müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Əlavə olaraq qrup üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarşısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıblar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, bir neçə şəxsə isə şifahi xəbərdarlıq olunub.

“İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən keçirilən reydlər müntəzəm olaraq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR