Koronavirusla mübarizədə iştirak edəcək kubalı tibb heyəti Azərbaycana gəlib

Koronavirusla mübarizədə iştirak edəcək kubalı tibb heyəti Azərbaycana gəlib
  • Clock-gray 16:01
  • calendar-gray 06 Noyabr 2020

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti həkim briqadası gətirilib.

APA-nın məlumatına görə, briqadanın rəhbəri Dalsi Torres Avila Kubadan ölkəmizə ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb. Bildirib ki, həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq.

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Kubadan Azərbaycana növbəti dəfə həkim briqadasının gəlməsinin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, bütün kubalılar kimi, o da Azərbaycana tibbi dəstəkdən məmnunluq duyur. "Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Bu gün Azərbaycana Kubadan ikinci həkim briqadasının gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək", - deyə səfir qeyd edib.

TƏBİB-in şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəklərini qeyd edib. O bildirib ki, COVID-19 ilə mübarizə sahəsində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir. Kubadan ölkəmizə həkim briqadalarının dəvət edilməsi də bu tədbirlər çərçivəsində reallaşır.

Əsmər Qabil

Digər xəbərlər