Metal tullantılarının yekun radiasiya müayinəsinin protokolları 5 il müddətinə saxlanılacaq

 Metal tullantılarının yekun radiasiya müayinəsinin protokolları 5 il müddətinə saxlanılacaq
# 19 fevral 2021 13:42 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində qəbul edilən, dövriyyəyə daxil edilən və onun ərazisinə idxal edilən metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsi aparılaaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənən “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nda əksini tapıb.

Həmin müayinə onların radioaktiv çirklənməsinin vaxtında aşkar edilməsi üçün aşağıdakı hallarda aparılır:

- metal tullantılarının qəbulu zamanı;

- metal tullantıları partiyasının dövriyyə üçün hazırlanması zamanı;

- metal tullantıları ilə yüklənmiş nəqliyyat vasitələri yola düşməzdən əvvəl.

Metal tullantılarının qəbulu zamanı ilkin radiasiya müayinəsi aparılır.

İlkin radiasiya müayinəsi metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin təyin etdiyi məsul şəxs tərəfindən bu Qaydaların tələblərinə cavab verən müayinə metodikasına əsaslanan müayinə təlimatı üzrə aparılır. Müayinə təlimatı metal tullantılarını qəbul edən sahibkarlıq subyekti tərəfindən Nazirliklə razılaşdırmaqla tərtib edilir.

Metal tullantılarının yerləşdirilməsi üçün nəzərdə tutulan meydança və otaqlar (anbarlar), onların istismarına başlamazdan əvvəl radioaktiv çirklənmənin istisna olunması məqsədilə radiasiya müayinəsindən keçirilməlidir.

Metal tullantılarının ilkin radiasiya müayinəsi qammaşüalanma səviyyəsinə görə aparılır və metal tullantılarında lokal mənbələrin və qamma-şüalandırıcı radionuklidlərlə radioaktiv çirklənmənin aşkar olunmasını təmin etməlidir. Metal tullantılarının ilkin radiasiya müayinəsinin aparılması üçün qəbul edilən metal tullantılarının həcmindən asılı olaraq avtomatik stasionar fasiləsiz radiasiya nəzarəti vasitələri (qapı və ya dayaq tipli portal radiasiya monitorları və s.), habelə daşınan radiasiya nəzarəti vasitələri (qamma-dozimetrlər, axtarış radiometrləri və s.) istifadə oluna bilər.

İlkin radiasiya müayinəsinin nəticələri bu Qaydalarda göstərilən qeydiyyat kitabında qeyd edilir. Metal tullantılarının ilkin radiasiya müayinəsini həyata keçirən məsul şəxs bu müayinənin vaxtında aparılmasına, tamlığına və düzgünlüyünə məsuliyyət daşıyır.

Dövriyyə üçün hazırlanmış metal tullantıları partiyası, eləcə də metal tullantıları ilə yüklənmiş nəqliyyat vasitəsi bu Qaydaların tələblərinə uyğun metodika üzrə yekun radiasiya müayinəsindən keçirilir. Metal tullantıları partiyasının yekun radiasiya müayinəsi nəticələrinə görə bu Qaydalara uyğun yekun radiasiya müayinəsi protokolu tərtib edilir.

Metal tullantıları partiyasının nəzarət edilən radioaktiv çirklənmə parametrlərinə aşağıdakılar daxildir:

- qamma-şüalanmanın EDG;

- alfa-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcudluğu;

- beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcudluğu.

- Yüklənmədən əvvəl, boş nəqliyyat vasitəsində lokal qamma-şüalanma mənbələrinin, eləcə də alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcud olmadığının yoxlanılması üçün onun yekun radiasiya müayinəsi aparılır.

Metal tullantıları partiyasının dövriyyəsinə bu Qaydaların tələblərinə uyğunluğuna dair yekun radiasiya müayinəsi protokolu olduğu halda yol verilir.

Metal tullantılarının dövriyyəsi ilə bağlı sənədlər və yekun radiasiya müayinəsinin protokolları 5 (beş) il müddətinə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR