Monitorinq Mərkəzinin direktoru: "Dublyajlarda vəziyyət nisbətən qənaətbəxşdir"

Monitorinq Mərkəzinin direktoru: "Dublyajlarda vəziyyət nisbətən qənaətbəxşdir"
# 05 noyabr 2020 16:03 (UTC +04:00)

“Filmlərin dublyajında çox ciddi məsələlər var”.

Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

O bildirib ki, Monitorinq Mərkəzində gələcəkdə “Azərbaycan mədəniyyəti və Azərbaycan dili” adlı şöbənin fəaliyyət göstərməsi nəzərdə tutulur: “Həmin şöbədə filmlərin dublyajları ilə bağlı mütəxəssislərin dəvətini nəzərdə tutmuşuq. Bu şöbə dublyaj prosesinə öz töhfəsini verəcək, ona görə ki, istər musiqilərimiz, seriallarımız, istərsə də film dublyajlarımız- hər bir sahəmiz Azərbaycan dilinin tədqiqi ilə başlamalı və bitməlidir”.

Direktor qeyd edib ki, Monitorinq şöbəsi fəaliyyət göstərəndə də filmlərin dublyajı ilə bağlı xəbərdarlıqlar olub: “Əvvəlki dövrdə dublyajlar çox bərbad idi. Düşünürəm ki, dublyajlarda hər iki dilə mükəmməl bələdçilik bacarığı olmalıdır. Dilin ən maraqlı tərcümə prosesi bədii üslubda ortaya çıxır. Filmlərdə tərcümə prosesində hər bir dilə xas olan deyimlərin, ifadələrin bir dildən başqa dilə tərcüməsindən söhbət gedir. O qədər ciddi pozuntular, təəssüfedici məqamlar olub ki. Əvvəlki illərdə düzəlişlərin şahidi olmurduq, amma son vaxtlar bu sahədə düzəlişlər oldu. Deyərdim ki, bu, Monitorinq şöbəsinin təkliflərindən sonra baş verdi. Sevinirəm ki, bütün sahələrdə olduğu kimi, dublyajlarda da nisbətən vəziyyət qənaətbəxşdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR