Müharibədən zərər çəkən bölgələrdəki səhiyyə işçilərinə yardım göndəriləcək

Müharibədən zərər çəkən bölgələrdəki səhiyyə işçilərinə yardım göndəriləcək
# 17 fevral 2021 11:32 (UTC +04:00)

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi ümumilikdə 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəstin tədarük edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə çatdırılmasını yekunlaşdırıb. Sözügedən dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları və s. vasitələr daxildir.

Nümayəndəlikdən APA-ya bildirilib ki, növbəti mərhələdə dəstlərin son münaqişədən zərər çəkmiş 8 bölgədə (Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevir) fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.

Bu fəaliyyət UNFPA-nın son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstək çərçivəsində baş tutub.

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR