Nazir: "Həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb"

Nazir: "Həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb"
# 16 iyul 2020 04:15 (UTC +04:00)

“İşsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər təsdiq olundu. Sizin tapşırığınıza uyğun olaraq ilk mexanizm onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu tədbir aprel və may aylarında genişləndirilərək 600 min şəxsi əhatə edib və onlara ödənişlər tam şəkildə və vaxtında həyata keçirilib: “Ardınca 16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə 283 min manat ödəniş olundu. Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənildi. Bu vəsaitin də 210 milyon manatının ödənilməsində məhz Dövlət Sosial Müdafiə Fondunun ehtiyat vəsaiti hesabına yaranan imkanlardan istifadə edilib. Eyni zamanda, işsiz şəxslər üçün digər bir istiqamət olaraq haqqıödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi tapşırılmışdı. Belə iş yerlərinin sayı 90 minə çatdırıldı. Xatırladım ki, ilin əvvəlində Sizin tapşırığınıza əsasən 38 min belə ictimai iş yaradılmışdı və əlavə olaraq da pandemiya dövründə işsizlər üçün 52 min ikiaylıq iş yerləri yaradıldı. Bu günə qədər artıq 38 min davamlı iş yerlərinin 95 faizi tam şəkildə işçilərlə təmin edilib, 52 min ikiaylıq iş yerinin isə 50 faizi təmin olunmuşdur. Biz burada monitorinq nəzarət tədbirlərini də gücləndirdik. Qeyd edim ki, ilin əvvəlindən bu günədək nəzarət tədbirləri nəticəsində 8600 işçi ilə müqaviləyə xitam verilmiş, onların tam konkretləşdirilməsi təmin edilmişdir. Şəffaflığın təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanmış və burada da tam şəffaflıq təmin edilmişdir.

İşsizlərə dəstək proqramının növbəti hissəsi özünüməşğulluq proqramı idi. Bu proqram da Sizin tapşırığınızla genişləndirilərək 12 min ailəni əhatə etdi. Ona həm Dünya Bankı qoşuldu, həm də BMT-nin İnkişaf Proqramı ilə birgə layihəmiz davam etdirildi. Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və yerli banklar aktiv şəkildə bizimlə əməkdaşlıq edir. Qeyd edim ki, artıq 3500 ailə bu proqrama cəlb edilib, ilin sonunadək onun sürətlə icrası üçün də müvafiq tədbirlər görülür. Çünki xüsusilə təlimlərin keçirilməsi ilə bağlı karantin rejimindən irəli gələn müəyyən məhdudiyyətlər var. Ona görə də onlayn təlimlərə üstünlük verərək, ilin sonunadək 12 min ailəyə çatdırmağa çalışacağıq. Xüsusi elektron portalda həm müraciətçilər, həm aktiv alanlarla bağlı bütün məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR