Nazirlik: Reabilitasiya Mərkəzində sabahdan yaralı hərbçilərimizə xidmət göstəriləcək

Nazirlik: Reabilitasiya Mərkəzində sabahdan yaralı hərbçilərimizə xidmət göstəriləcək
  • Clock-gray 19:24
  • calendar-gray 12 Noyabr 2020

“Ən müasir avadanlıqlarla təchiz olunmuş Reabilitasiya Mərkəzində sabahdan etibarən yaralı hərbçilərimizə xidmət göstəriləcək”.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir: “Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edib yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri həmin təşəbbüsü dəstəkləyərək qərara alıblar ki, Vətən müharibəsində iştirak edib yaralanan hərbçilərə sabahdan etibarən həmin mərkəzdə xidmət göstərilsin. Əminəm ki, bu mərkəzdə reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər”.

Mərkəzin Baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni anda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: “Burada hərbçilər reabilitasiya, fizioterapevtik və digər ixtisaslı həkim müalicəsi təmin olunacaqlar. Bura ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksəkixtisaslı həkimlər xidmət göstərəcəklər. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır”.

Baş direktorun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya yarımçıq itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: “Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan, onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın”.

Firuzə Vahid

Digər xəbərlər