Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb

Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb
  • Clock-gray 10:35
  • calendar-gray 19 Fevral 2021

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik  qopan hissə” başa düşülür);

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- hər iki əlin bilək oynağından amputasiyası.

II dərəcə əlillik müddətsiz təyin edilir:

- bir budun güdülü;

- bir əlin güdülü.

III dərəcə əlillik müddətsiz təyin edilir:

- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası  (amputasiya dedikdə  travmatik qopması). 

Günay Elşadqızı

Digər xəbərlər