Ombudsman: “Uşaqlara qayğı öz hüquqlarını müdafiə etməyi bacaran şəxsiyyət yetişdirmək kimi ülvi məqsədə xidmət etməlidir” – MÜSAHİBƏ

Ombudsman: “Uşaqlara qayğı öz hüquqlarını müdafiə etməyi bacaran şəxsiyyət yetişdirmək kimi ülvi məqsədə xidmət etməlidir” – MÜSAHİBƏ
# 20 noyabr 2020 11:37 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə APA-ya müsahibə verib.

APA müsahibəni təqdim edir:

-Səbinə xanım, 20 oktyabr - 20 noyabr tarixləri sizin tərəfinizdən “Uşaq hüquqları aylığı” elan olunub. Deyə bilərsinizmi, bu təşəbbüsün məqsədi nədir?

- Bütün dünyada 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan Respublikası tərəfindən də ratifikasiya olunmuş BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunma tarixindən götürülüb. Ənənəvi olaraq hər il olduğu kimi bu il də əlamətdar tarix ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 20 oktyabr – 20 noyabr tarixlərində tərəfimdən “Uşaq hüquqları aylığı” elan edilib.

Müasir dövrdə uşaq hüquqlarının səmərəli təmini, müdafiəsi və təbliği hər bir dövlətin və bütövlükdə cəmiyyətin inkişafını şərtləndirən mühüm faktorlardandır. Gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafının təmin olunması dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Azərbaycan Respublikasının Konstitusiyasında, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı bir sıra digər beynəlxalq müqavilələrdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm normalar təsbit edilib ki, onların da həyata keçirilməsinə dövlət tərəfindən nəzarət edilir.

Elan edilən aylığın da əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

- Azərbaycanda uşaq hüquqları ilə bağlı vəziyyəti, məsələn qanunvericiliyi necə qiymətləndirə bilərsiniz?

- Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial xidmət müəssisələrinin inşası, onların müasir tələblərə uyğun şəkildə yenidən qurulması, böyük sevinc və razılıqla qarşılanır.

Ölkəmizdə uşaqların sosial-hüquqi müdafiəsi ilə bağlı məsələlər bir sıra qanunvericilik aktlarında öz əksini tapıb. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında da uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə bağlı müvafiq normalar təsbit edilib və uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyi qeyd olunub.

2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum nəticəsində ölkəmizin Konstitusiyasına insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini baxımından mühüm normalar əlavə edilib. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəalar daxil edilib.

Konstitusiyaya edilən dəyişikliklərlə bağlı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq olunub. Dövlət nəzarətinin məqsədi isə uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda, habelə digər bu kimi sənədlərdə uşaqlarla bağlı problemlərin həllinə yönəlmiş müddəalar nəzərdə tutulub və hazırda onların icrası uğurla davam etdirilməkdədir. Bundan əlavə, BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri uşaqlar da daxil olmaqla hər kəsi əhatə edən və universal xarakter daşıyan məqsədlər olaraq, “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutur.

- İnsan Hüquqları üzrə Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyətini qısa şəkildə necə ifadə etmək olar?

- Ölkəmizdə dövlət uşaq siyasətinin əsas istiqamətlərindən birini də məhz uşaqların qayğı ilə əhatə olunması, onların ən ümdə maraqlarının təmin edilməsi, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların layiqli vətəndaş olaraq formalaşması təşkil edir. Bu baxımdan Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsi və təbliğidir.

Qısa şəkildə desək, Müvəkkil ümumilikdə uşaq hüquqlarının etibarlı müdafiəsi üçün əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

Uşaqların vəziyyətinin Milli Preventiv Mexanizm və Müvüvəkkilin digər səlahiyyətləri daxilində monitorinqi;

Uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

Bu sahədə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq;

Maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.

Qeyd edim ki, hər bir istiqamət üzrə fəaliyyət plan əsasında həyata keçirilir.

Yeri gəlmişkən, aylıq çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakıda və respublikanın regionlarında yerləşən uşaq evlərinə, internat və sosial xidmət müəssisələrinə, yetkinlik yaşına çatmayanların saxlandığı penitensiar müəssisələrə başçəkmələr davam etdirilib. Dövlət uşaq müəssisələrində saxlama şəraiti və rəftar məsələləri araşdırılıb. Müəssisə rəhbərliyi və əməkdaşlarına, həmçinin uşaqlara yönəlmiş geniş maarifləndirmə işi aparılıb.

-Pandemiya dövründə bu sahədə işinizi necə qurmusunuz?

- 2020-ci ildə bütün dünyada olduğu kimi, ölkəmiz də COVID 19 pandemiyası ilə üz-üzə gəlib. Mövcud epidemioloji vəziyyətdə bütün əhali qrupları kimi, uşaqların da hüquqlarının təmini yeni reallıq və yanaşma tələb edir. COVID-19 pandemiyası dövründə bu istiqamətdə fəaliyyət davam etdirilib, mövcud epidemioloji şəraitdə əhalinin bütün qruplarının Ombudsmana müraciəti üçün tam əlçatanlıq təmin edilib. Elektron qaydada və sosial şəbəkələr (facebook, twitter), habelə yeni yaradılmış Çağrı Mərkəzi vasitəsilə əhali qruplarının Müvəkkilə ünvanlanan müraciətləri bu gün də qəbul edilməkdədir.

COVID-19 infeksiyasının yayılması qlobal pandemiyanın fəsadlarının uşaq hüquqları prizmasından da araşdırılmasını zəruri edir. Bu fəaliyyət adekvat tədbirlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişatı uşaqların qloballaşmış infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda daha həssas olduqlarını göstərir.

Bu baxımdan, ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmini məsələsini monitorinq edir.

Eləcə də, Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki mövcud vəziyyət nəzarətdə saxlanılmaqla, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri və əlilliyi olanların da vəziyyəti nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılıb, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb.

Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilmiş, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılıb, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib.

- Məlumdur ki, uşaqlar Ermənistanın Azərbaycana hərbi təcavüzünün qurbanları kateqoriyasına daxildirlər. Bu baxımdan rəhbərlik etdiyiniz təsisat hansı işləri görür?

- Təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanları sırasında uşaqlar da var. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərdən 63-ü məhz uşaqlar olub. Bununla yanaşı, 8 ailənin tamamilə məhv edilməsi nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq yaralanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb ki, onların arasında 67 uşaq var.

2020-ci ilin 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Dinc əhali, o cümlədən uşaqlar ballistik raket və artilleriyanın qurbanına çevrilib. Nəticədə 12 uşaq həlak olub, 50 uşaq yaralanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah-sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətlər ünvanlanıb. Beynəlxalq təşkilatları Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, Azərbaycan Respublikasının mülki əhalisi, xüsusən də uşaqlar arasında tələfatlara səbəb olan və humanitar hüquq normaları, o cümlədən Ermənistanın imzaladığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ilə müharibə cinayəti sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımlar atmağa çağırmışıq.

Eyni zamanda qeyd olunan qurumları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusi ilə uşaqlara qarşı son törədilən müharibə cinayətlərinin və insan hüquq pozuntularının şahidi olmaları, faktiki sübutların toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün birgə müstəqil fakt-araşdırıcı missiyanın həyata keçirilməsinə dəvət etmişəm.

Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və beynəlxalq humanitar hüququn, insan hüquq və azadlıqlarının kobud pozulmasının qarşısını almaq məqsədilə beynəlxalq təşkilatlara, xarici ölkələrin milli insan hüquqları təsisatlarına ardıcıl bəyanat və müraciətlər ünvanlamışıq.

UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatına etiraz olaraq qətlə yetirilmiş azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazımızı bildirdik və dərhal UNICEF icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət etdim.

Müraciətdə də bildirildi ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər. Bu faktların bəyanatda göstərilməməsi beynəlxalq təşkilatın bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi kimi qiymətləndirilməklə yanaşı, baş vermiş insan tələfatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verdiyindən qarşısı alınması məqsədilə dərhal reaksiya verdik.

Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarına göz yumulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir.

-Necə hesab edirsiniz, dövlət qayğısı ilə yanaşı, ailənin də üzərinə hər hansı məsuliyyət düşürmü?

- Hesab edirəm ki, bütün uşaqların normal, təhlükəsiz şəraitdə və sağlam ətraf mühitdə yaşamaq, təhsil almaq hüquqlarının reallaşdırılması üçün dövlət qayğısı ilə yanaşı, hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Ailədə övladın yaxşı tərbiyəsi isə valideynlərin ümdə vəzifələrindəndir. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan, xalqa, dövlətçiliyə sadiq övladlar kimi yetişdirilməlidirlər. Uşaqlara bütün sahələrdə göstərilən qayğı cəmiyyət üçün layiqli, faydalı, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran şəxsiyyət yetişdirmək kimi çox ülvi bir məqsədə xidmət etməlidir. Biz uşaqları elə tərbiyə etməliyik ki, öz hüquqlarını bilsinlər, heç kimin onları təsir altına salmasına, istismara və zorakılığa məruz qoymasına imkan verməsinlər.

Yekunda isə qətiyyətlə bildirmək istərdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsiylə başa çatmış hərbi əməliyyatlardan sonra beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi hüquq və qanun qarşısında cavab verəcək, o cümlədən uşaqların həyatı, sağlamlığı və digər hüquqlarına yönəlmiş pozuntulara görə məsuliyyətə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR