Rəşad Mahmudov: "TƏBİB və SN vaksinasiya sayını indiki rəqəmin 3-4 mislinə çatdırmalıdır"

Rəşad Mahmudov: "TƏBİB və SN vaksinasiya sayını indiki rəqəmin 3-4 mislinə çatdırmalıdır"
  • Clock-gray 14:33
  • calendar-gray 11 Mart 2021

“TƏBİB və Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri günlük vaksinasiya sayını sürətli şəkildə artıraraq, bugünkü rəqəmin 3-4 mislinə çatdırmaqdır”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Sədr müavini bildirib ki, Azərbaycan vaksinasiya prosesinə ilk başlayan ölkələrdən biridir: "Cəmiyyətin hər bir üzvü fərqindədir ki, bu vaksinlə əlaqədar yan təsirlər, ən əsası həyati təhlükələrdən söhbət gedə bilməz.  TƏBİB və Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri günlük vaksinasiya sayını sürətli şəkildə artıraraq, bugünkü rəqəmin 3-4 mislinə çatdırmaqdır. Bununla biz daha sürətli şəkildə, 1 il müddətində bütün cəmiyyətin demək olar 70-80 %-nin vaksinasiyadan keçməsinə nail ola biləcəyik”.

R. Mahmudov ölkəyə vaksinin növbəti dozasının gətirilməsində problemlər yaşana biləcəyini istisna etməyib: "Bu gün dünyada vaksinlərin ədalətsiz paylanması davam edir. Bu təhlükə əlbəttə ki, bizim üçün də var. Amma Azərbaycan hökuməti hər kəsin vaksinə əlçatanlığı olmadığı zaman bunu təmin etmişdisə, sonrakı mərhələlərdə də digər tədarüklərin olunmasında lazımi addımlar atacaq”.

R. Mahmudov qeyd edib ki, COVAX platforması çərçivəsində Azərbaycana ayrılan payın ilk mərhələdə verilməməsi problemi sadəcə Azərbaycana aid problem deyil: “Bizim qonşu ölkələrdə, Gürcüstanda da eyni sıxıntılar yaşandı. Əfsuslar olsun ki, dünya sistemində ədalətdən danışan böyük təşkilatların, dünya divlərinin real problemlər qarşısında ədalətsiz davranışını görürük. Bu da onlardan biridir. Azərbaycan cəmiyyətinin sağlamlığının qorunması naminə vaksinlərin ölkəyə tədarük olunması üçün əlimizdən gələni edirik və edəcəyik".

Rəşad Mahmudov "AstraZeneca" peyvəndinin ölkəyə çatdırılmasında olan gecikmələrə də münasibət bildirib: “Həmin peyvəndin distributoru olan Rusiyada da eyni problemlər yaşanır. Bunların təməlində dünya ölkələri arasında ədalətsiz münasibət durur. Bu günlərdə bu, daha çox hiss olunur. Vaksin problemi olmasaydı belə, biz Vətən Müharibəsində də dünyanın ən aparıcı dövlətlərinin, üzdə olan liderlərinin BMT qətnamələrini bir kənara qoyaraq, öz şəxsi maraqları çərçivəsindən ortaya qoyduqları münasibəti gördük. Ona görə real dünyanın bizə diqtə etdiyi həqiqətlər əsasında bizlər də öz həyatımızı və gələcəyimizi qurmaq məcburiyyətindəyik”.

Firuzə Vahid

Digər xəbərlər