Şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsi üzrə İşçi Qrupun iclası keçirilib

Şəhid ailələri, müharibə əlilləri və  veteranlarının sosial müdafiəsi üzrə İşçi Qrupun iclası keçirilib
  • Clock-gray 12:49
  • calendar-gray 03 Aprel 2021

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclası keçirilib.

APA-nın məlumatına görə, aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov dövlət başçısının tapşırığına əsasən şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını, əlaqədar məsələlərin daima diqqət mərkəzində olduğunu vurğulayıb.

Qeyd edilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib. 228 nəfər Vətən müharibəsi müharibə əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb. 

Mühüm dəstək tədbiri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və  müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. 2021-ci ilin planı üzrə artıq 200 mənzil onlara verilib. Eyni zamanda, postmüharibə dövründə həmin kateqoriyalardan olan 5329 nəfərin məşğulluğu təmin olunub. Onlardan 4098 nəfəri özünüməşğulluq proqramına cəlb olunub. 

2895 ailəyə, ümumilikdə şəhid ailələri üzvləri, müharibə əlilləri, veteranları və iştirakçılarından, habelə itkin düşənlərin ailə üzvlərindən ibarət 9 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib, onlardan bir qisminə ödənişsiz dərman verilib. Nazirliyin reabilitasiya müəssisələrində 500, Bakı Sağlamlıq Mərkəzində 88 hərbçiyə psixoloji yardım göstərilib. 511 müharibə əlilinə 2370 reabilitasiya vasitəsi verilib, 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Daha 12 hərbçinin müasir protezlə təmini üçün onlardan ölçülər götürülüb, mühərrikli təkərli oturacaqla təminata başlanıb. Ailə üzvlərindən əlilliyi olan 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb.

Səhiyyə Nazirliyi tərəfindən Buzovna qəsəbəsində istifadəyə verilən Reabilitasiya Mərkəzində 500 hərbçiyə tibbi reabilitasiya, o cümlədən 400 nəfərinə eyni zamanda psixoloji yardım göstərilib. Ümumən, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, fövqəladə hallar nazirliklərinin müəssisələrində 2731 nəfərə psixoloji yadım göstərilib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında psixoloji problemlərlə bağlı 1066 nəfər müayinə olunub.

TƏBİB-in tibb müəssisələrində yaralı hərbçilərə ixtisaslaşdırılmış tibbi yardım, habelə həmin müəssisələrdə 3492 nəfərə psixoloji yardım göstərilib. Şəhid ailəsi üzvləri, müharibə veteranları və iştirakçılarından ibarət 2172 nəfər müvafiq tibbi xidmətlərlə təmin edilib. Gənclər və İdman Nazirliyi Milli Elmi və Praktik İdman Tibbi və Reabilitasiya İnstitutunun əməkdaşları tərəfindən 177 hərbçiyə yardım göstərilib, 46 nəfərə fiziki və psixoloji reabilitasiya dəstəyi davam edir.

Mərkəzi Bank, “Azərsığorta” tərəfindən 13264 şəxsə sığorta ödənişi verilib, 1003 şəhidə aid 1720 kredit üzrə 7,9 mln. manatdan artıq məbləğdə borc öhdəliyi tam silinib. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditinin olduğu müəyyən edilmiş 83 şəhidin 3 484 643 manat kredit öhdəliyi Həyat Sığortası üzrə fəaliyyət göstərən 4 şirkət tərəfindən ödənilib. Şəhid ailəsi üzvlərinə aid 286 kredit üzrə 633 min manat borc öhdəliyi tam silinilib. 

1 aprel 2021-ci il tarixinədək “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 16 milyon 718 min  386,33 manat vəsait 1210 şəhid ailəsi üzvü, 1424 yaralı və 3 itkin ailəsi üzvünün məişət şəraitinin yaxşılaşdırılmasına, 32 şəhid ailəsi üzvünün, 1 yaralının təhsil, 479 şəhid ailəsi üzvünün, 322 yaralı və 2 itkin ailəsi üzvünün istehlak kreditləri, 401 şəhid ailəsi üzvü və 97 yaralının tibbi xərclərinə yönəldilib.

İclasda Türkiyə və İsraildən dəvət olunmuş həkimlər tərəfindən yaralıların müayinələrinin aparılması, onların müalicəsi və protezlərlə təminatı, ağır yaralıların müalicə və əməliyyat olunması məqsədi ilə Türkiyəyə göndərilməsi sahəsində görülmüş işlər də qeyd edilib.

 “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 min manat dəyərində 4000 qutu Novruz sovqatları paylanıldığı bildirilib, digər dəstək istiqamətlərində görülmüş işlər diqqətə çatdırılıb.

İclasda işçi qrup tərəfindən görüləcək işlər müzakirə olunub və müvafiq tədbirlər üzrə təkliflər müəyyənləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

apa-logo-mini

Digər xəbərlər