Şöbə rəisi: “Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb”

Şöbə rəisi: “Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb”
  • Clock-gray 15:37
  • calendar-gray 29 Mart 2021

“Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb”. 

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva deyib. O bildirib ki, COVİD-19 xəstəliyi yenidən bütün dünyanı ağuşuna alaraq, sürətlə yayılmaqda davam edir:

“Con Hopkins Universitetinin məlumatına görə, pandemiya ili ərzində dünyada 114,5 mln. nəfər koronavirusa yoluxub,  2.5 milyon nəfər dünyasını dəyişib. Hazırda bir sıra ölkələr koronavirusun dördüncü dalğasının başlanacağı barədə bəyan ediblər. Bu ölkələr əsasən İran, İspaniya və Çindir. Son günlər koronavirusa yoluxanların sayının Rusiyada da yüksək artımı qeydə alınıb. “Arab News” agentliyinin məlumatına görə, İran prezidenti Həsən Ruhani hələ fevral ayının 15-də ölkəyə koronavirusun dördüncü dalğasının yaxınlaşdığı barədə bəyan etmişdi. Onun sözlərinə görə, İranın cənub-qərbində yerləşən bir sıra şəhərlərdə koronavirus böyük sürətlə yayılır. Pandemiya dövründə İranda 1,5 mln. yoluxma halı qeyd edilib, xəstələrdən 60 min nəfəri vəfat edib. Bu ölkədə COVİD-19-a görə vaksinasiya fevral ayından başlanıb”.

Həkim qeyd edib ki, Honkonqda koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq edilib. Honkonq Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, şəhər xəstəliyin yeni – dördüncü dalğası ilə qarşılaşıb: “İspaniyanın baş həkimi Fernando Simon da dördüncü dalğanın başlanacağını ehtimal edib. İspaniyanın La Razon nəşrinin məlumatına görə, bu ölkədə yoluxmanın yeni pik nöqtəsi mayın 9-a düşəcək.

Rusiyada da koronavirusdan həyatını itirənlərin sayı dördüncü dalğanın başlanmasından xəbər verir. ABŞ-da koronavirusa yoluxmanın yeni sıçrayışı müşahidə olunub: ötən həftə gündəlik yoluxma sayı 70 min nəfər, vəfat edənlərin sayı 2 minə qədər olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Roşel Valenski bildirib ki, aşkar olunan yeni ştammlar xalqlarımız və tərəqqimiz üçün real təhlükədir”.

T.Əliyeva vurğulayıb ki, mütəxəssislərin fikrincə, virus artıq bir neçə dəfə mutasiya edib: “Amma onun ən yoluxucu hesab edilən Britaniya, Cənubi Afrika və Braziliya ştammları daha təhlükəlidir. Amerika virusoloqları hesab edir ki, ABŞ yeni – dördüncü dalğanın astanasındadır və mövcud vaksinlər hələ ki, bu dalğaya qarşı effektivdir. Hazırda səhiyyənin qarşısındakı əsas vəzifə - vaksinasiya prosesini sürətləndirməkdir.

Hələ ötən ay, fevralın 15-də Türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını bildirmişdi. O, mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlamışdı. Şenol Atakan yenə də gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etmək lazım olduğunu vurğulamışdı. O mart ayında yenidən rekord göstəricilər qeydə alınacağını demişdi.

Türkiyəli həkimin dedikləri özünü doğrultdu. Ona görə də bir həkim kimi tövsiyəm budur ki, karantin qaydalarına ciddi riayət edin. Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb. Vaxtında peyvənd olunmaq sizi virusdan qoruyacaq yeganə effektiv vasitədir. Gigiyenik qaydalara riayət etməklə və peyvənd olunmaqla özünüzü və əzizlərinizi bu təhlükəli xəstəlikdən – COVİD-19-dan qoruya bilərsiniz”.

 

Əsmər Qabil

Digər xəbərlər