Türkiyənin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına kursant qəbulu elan olunub

Türkiyənin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına kursant qəbulu elan olunub
# 25 avqust 2020 15:59 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur.

Müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 il, Hərbi Tibb Akademiyasında isə təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Seçilmiş namizədlər hərbi and içir və Azərbaycan ordusunda kursantların həqiqi hərbi xidmətinə daxil olurlar. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər imtahan nəticələri elan olunduqdan sonra 1 həftə ərzində şəxsiyyəti təsdiq edən sənədin əsli ilə Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR