Ucarda 3 yaşayış məntəqəsinin yollarının yenidən qurulması yekunlaşır

Ucarda 3 yaşayış məntəqəsinin yollarının yenidən qurulması yekunlaşır
  • Clock-gray 10:56
  • calendar-gray 02 Noyabr 2020

Ucar rayonunda 7 mindən artıq əhalinin istifadə etdiyi avtomobil yollarının yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, vətəndaşların sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası Ucar rayonunda Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutu üzrə 3 yaşayış məntəqəsini - Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarını əhatə edir. Ümumilikdə 21.4 km uzunluğa malik sözügedən yollarının IV texniki dərəcəyə uyğun yenidən qurulması bitmək üzrədir.

Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları əsasən qara örtük və çınqıl örtükdən ibarət idi. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolların yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmiş, çiyin hissələrin eni azalmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sonuncu mərhələdədir.

Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 220 min kv.m sahəni əhatə edib.

Tikinti norma və standartlarına uyğun olaraq daha sonra yolun 130 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Bunun ardınca isə hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən artıq əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

Əsmər Qabil

Digər xəbərlər