"Yüksəliş” müsabiqəsində əyani mərhələnin sonuncu imtahanı keçirilib

"Yüksəliş” müsabiqəsində əyani mərhələnin sonuncu imtahanı keçirilib
# 06 fevral 2021 12:30 (UTC +04:00)

“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları üzrə imtahanı keçirilib.

APA xəbər verir ki, müsabiqə barədə açıqlama verən Gənclər və İdman Nazirliyinin müavini, " Yüksəliş" müsabiqəsi üzrə komitənin rəhbəri Fərhad Hacıyev bildirib ki, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin bigə dəstəyi ilə 8 regionda təşkil olunmuş 18 mərkəzdə aparılıb: "Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanıb".

Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. "Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı isə müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar olaraq imtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə zamanı 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər qəbul edilib.

İntellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR