Əli Əsədov: "Zərər çəkmiş binalarda əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsinin 25%-i icra olunub"

Əli Əsədov: "Zərər çəkmiş binalarda əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsinin 25%-i icra olunub"
  • Clock-gray 12:38
  • calendar-gray 07 Yanvar 2021

“Zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar sərəncamın dünənədək 25% icra olunub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş Naziri Əli Əsədov deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev bu proses üçün komissiyaya 2 ay vaxt verib:

“Tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar dekabrın 14-də Sizin Sərəncamınız olub. Sərəncama əsasən Siz 9 milyon 100 min manat vəsait ayırmısınız. O vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması tapşırığı verilmişdir. Bu tapşırıqla əlaqədar həmin kontingent siyahıya alınıb və bu da 6143 ailədir. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur. Dünənədək 25 faiz icra olunub. Söz verilir ki, qısa müddətdə - bir həftə ərzində bu proses başa çatdırılacaq.

Cənab Prezident, Sərəncamda digər tapşırıqlar da verilib. Siz də çıxışınızda dediyiniz kimi, dəymiş bu ziyan qiymətləndirilir və Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara və xarici nümayəndələrə çatdırılır. Bu məsələlərin və aparılan bu qiymətləndirilmələrin şəffaf olması üçün “ASAN xidmət” vasitəsilə vahid elektron baza da yaradılıb. Cənab Prezident, işlər davam edir və bu barədə ictimaiyyətə mətbuat vasitəsilə daim məlumatlar verilir”.

Firuzə Vahid

Digər xəbərlər