Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 15 oktyabr 2019 15:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur. Bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfərin birinci günü nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad
edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.

Nümayəndə heyəti Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət edib.

Daha sonra Baş Prokurorluqda görüş keçirilib. Qonaqları səmimi salamlayan Baş prokurorun müavini Namiq Əsgərov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıqdan qaynaqlandığını xüsusi vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və nəcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokurorun müavini, Türkiyənin daim Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini bildirib.

Azərbaycanın məhkəmə sistemi, Azərbaycan Prokurorluğunun strukturu və fəaliyyəti, məhkəmələrdə dövlət ittihamının müdafiəsi barədə qonaqlara ətraflı
məlumat verilib.

Görüşdə həmçinin, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatlar və yeniliklər, xüsusilə bu sahədə yeni mərhələ olan Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə əlaqədar görülmüş işlər barədə
məlumat verilib.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Halil Koç ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edərək, nümayəndə heyətinin üzvlərində Azərbaycan haqqında sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirib. Qonaq qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edərək, ölkəmizlə bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Halil Koç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığımızın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR