Vüsal Hüseynov Miqrasiya Məcəlləsindəki son dəyişiklikləri şərh edib

Vüsal Hüseynov Miqrasiya Məcəlləsindəki son dəyişiklikləri şərh edib
# 18 iyul 2019 12:34 (UTC +04:00)

"Milli Məclis iyunda Miqrasiya Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri qəbul edilib. Qanun artıq təsdiqlənmək üçün Azərbaycan Prezidentinə təqdim edilib".

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq hesabatına həsr olunan mətbuat konfransında bildirib.

Xidmət rəisi qeyd edib ki, Məcəlləyə edilən dəyişikliklərdə əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır: "Müvəqqəti olma müddəti dedikdə viza müddəti nəzərdə tutulur. Mövcud qanuna görə, vizanın uzadılması ilə bağlı 4 hal nəzərdə tutulurdu. Məcəllənin yeni variantında isə bu halların biri də artırılır. Belə ki, müvəqqəti olma müddətinin uzadılması üçün şəxsin ailə üzvləri də müraciət edə bilərlər. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün şəxsin bank hesabında 100 min manat məbləğində vəsaiti olmalı idi. Mövcud Miqrasiya Məcəlləsinə əsasən də əcnəbinin Azərbaycanda bank hesabında 100 min manat vəsait varsa, həmin şəxs ölkədə müvəqqəti yaşama icazəsi ala bilər. Bundan sui-istifadə hallarına da yol verilə bilər. Yeni qanunvericilikdə buna nəzarət imkanları genişləndirilir. Qanuna görə, artıq 100 min manat əmanət müqaviləsi əsasında yerləşdirilməlidir, bankdan bununla bağlı DMX-ya məktub göndərilməlidir”.

DMX rəisi bildirib ki, digər problem isə yaşama və iş icazələri vəsiqələri hazır olduğu təqdirdə onların uzun müddət əcnəbilər tərəfindən götürülməməsi ilə bağlı idi: "Yeni dəyişikliyə görə, 1 ay müddətində bu ərizələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək. Bunu müraciət edən əcnəbilər diqqətdə saxlamalıdırlar". V.Hüseynov bildirib ki, yaşama icazələrinin alınması ilə bağlı da yenilik var: “Mövcud qanuna görə, Azərbaycanda iki il yaşayan şəxs - hansı dövrdə yaşamasından asılı olmayaraq daimi yaşamaq üçün müraciət edə bilirdi. Amma yeni qanunvericiliyə görə, şəxs iki il ardıcıl yaşadıqdan sonra müraciət edə bilər. Bu da daimi yaşamaq icazəsi almaq istəyən şəxslərin ölkəyə daha da bağlılığını göstərən məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR