Lalə Məmmədova yeni albomunun təqdimat mərasimini keçirib

Lalə Məmmədova yeni albomunun təqdimat mərasimini keçirib
# 25 sentyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün sənətçi Lalə Məmmədova yeni albomunun və klipnin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən müğənni “Qızıl lalədir adım” adı altında hazırlanan albomunun iki hissədən ibarət olduğunu deyib: “Albomlardan birində ritmik, digərində isə həzin mahnıları toplamışam. Düşündüm ki, insan bir mahnıya qulaq asandan sonra həmin ritmdə köklənir. Həzin mahnıların toplandığı albomu “Ürək dostum”, ikincini isə “Qızıl lalədir adım” adlandırmışam. Bu mənim sayca üçüncü albomumdur”. “Səbuhi” studiyasında hazırlanan albomda 18 mahnı yer alıb. Yeni klipindən də söz açan L. Məmmədova, klipin sözləri Baba Vəziroğlu, musiqisi isə Tünzalə Ağayevaya məxsus olan “Kim bilir” mahnısına çəkildiyini qeyd edib. Rejissor Etibar Həsənovun çəkdiyi klipin süjet xətti nisbətən fərqlidir. Daha çox fəlsəfi ideyalardan istifadə olunan klipin çəkilişləri Bakıda aparılıb. Tədbirdə aparıcılıq missiyasının öz üzərinə götürən aparıcı Rahib Azəri isə Lalə Məmmədovanın ünvanına bir sıra təriflər yağdırıb: “Son vaxtlar Lalə Məmmədova daima axtarışdadır və bunun nəticəsində o bir sıra yeniliklər edir. Əminəm ki, bu yeniliklər davamlı və sayca çox olacaq”. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva isə L. Məmmədova ilə aralarında çox böyük dostluq münasibətləri olduğunu açıqlayıb: “Lalə ilə aramızda dostluq münasibətləri var. Mən Lalənin həm sənətini, həm də insanlığını yüksəkl qiymətləndirirəm. Bu dostluğun çox uzun sürəcəyinə inanıram”. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da müğənnini təbrik edənlər sırasında olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR