Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.
***
14:51
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
"Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.