Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov mövqeyini qoruyub

Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov mövqeyini qoruyub
# 01 mart 2022 09:09 (UTC +04:00)

Şahmatçıların FİDE reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mart ayı üçün dərc olunan cədvəldə bəzi dəyişikliklər olub.

Kişilərin reytinqində 5 şahmatçımız ilk “yüzlük”də yer alıb. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. 2776 xala malik qrossmeysterimiz 7-ci yerdədir. 2 pillə irəliləyən Şəhriyardan fərqli Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb. Məmmədyarovdan 23 xal geri qalan Rəcəbov 14-cü sıradadır.

Digər üç təmsilçimiz də irəliləyişə nail olub. Qədir Hüseynov (2662) 72-ci, Rauf Məmmədov (2656) 80-ci, Arkadi Naydiç (2648) 98-cidir. Qədir 4, Rauf 7, artıq yığmamızdan ayrılsa da, hələ də Azərbaycan təmsilçisi sayılan legionerimiz isə 1 pillə irəliləyib.

“Top-100”də üç qadın şahmatçımız da yer alıb. Günay Məmmədzadə (2454) 25-ci, Gülnar Məmmədova (2387) 64-cü, Xanım Balacayeva (2376) 77-cidir.

Qeyd edək ki, kişilərin reytinqinə Maqnus Karlsen (2864), qadınların cədvəlinə Yifen Hou (2650) başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR