Covanni Kaprara: “Azərbaycan üçün uyğun məşqçi deyiləm” - EKSKLÜZİV

Covanni Kaprara: “Azərbaycan üçün uyğun məşqçi deyiləm” - EKSKLÜZİV
  • Clock-gray 16:58
  • calendar-gray 10 Sentyabr 2019

“Düşünürəm ki, hazırda mənim rəyim vacib deyil, çünki müqaviləm artıq bitib. Mentalitetdə nəzərə çarpan fərqlərə görə həm mənim üçün və həm də oyunçular üçün çətin bir yay oldu”. 

Bunu APA-ya açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Covanni Kaprara deyib. 

İtaliyalı çalışdırıcı yığma ilə müqaviləsinin uzadılmamasının səbəbini açıqlayıb. O bildirib ki, qısa müddətdə əla nəticə əldə etmək mümkünsüzdür: “Əksər voleybolçularla 3, bəziləri ilə cəmi 2 ay bir yerdə işlədik. Belə qısa müddətdə əla nəticə əldə etmək mümkün deyil. Bu təcrübənin sonunda sadəcə deyə bilərəm ki, bu komanda üçün uyğun məşqçi deyiləm”.

57 yaşlı çalışdırıcı yığmada ona etimad göstərildiyi üçün Azərbaycan Voleybol Federasiyasına və vitse-prezident Faiq Qarayevə təşəkkür edib: “Mənə möhtəşəm fürsət verdiyinə görə Faiq Qarayev və federasiyaya dərin minnətdarlığımı bildirirəm. Çətin anları bölüşdüyüm bu oyunçuları həmişə xatırlayacağam. Çünki çətinliklərə baxmayaraq, onlar həmişə özlərini inkişaf etdirməyə çalışırdılar. Bakıya təşəkkür edirəm və gələcəkdə milli komandaya uğurlar diləyirəm”. 

Qeyd edək ki, C. Kapraranın milli komandadan ayrılmasına səbəb müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısa müddətə müqavilə bağladığı C. Kaprara yenidən İtaliyanın “İl Bisonte” klubuna qayıdıb. 

May ayında millinin “sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. C. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb. Azərbaycan yığması ilə C. Kapraranın rəhbərliyi altında keçirdiyi 15 matçda 5 qələbə qazanıb. 

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date