Edina Dobi: “Azərbaycanla matçda taktiki gedişləri tez-tez dəyişməliyik”

Edina Dobi: “Azərbaycanla matçda taktiki gedişləri tez-tez dəyişməliyik”
# 22 avqust 2019 10:26 (UTC +04:00)

“Hesab edirəm ki, Estoniya millisinə qalib gəlməliyik. Bu, bizim üçün yaxşı start olar”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin sabiq voleybolçusu Edina Dobi deyib.

Bakının “Azəryol” və “Azərreyl” klublarında oynamış blokçu Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Macarıstan, Hollandiya, Rumıniya, Estoniya, Xorvatiya və Azərbaycanın yer aldığı C qrupunu dəyərləndirən E. Dobi matçların Budapeştdə olmasını özləri üçün üstünlük sayır: “İlk oyun günündəki qələbə komandamıza böyük təkan verəcək. Rumıniya, Xorvatiya və Azərbaycanla oyunlar isə daha çətin olacaq. Amma onlara da qalib gələ bilərik”.

O, Azərbaycanla oyunda sabiq komandasına məsləhətlərini də verib: “Azərbaycan çempionatında oynadığımdan onları hərtərəfli tanıyıram. 2 mövsüm orada çıxış etmişəm. Həmçinin yığma kimi də üz-üzə gəlmişik. Onlarla matçda taktiki gedişləri tez-tez dəyişməliyik. Əsas hədəfimiz qrup mərhələsini adlamaqdır. Növbəti rəqibimiz Türkiyədə çıxış edən qrupdan olacaq. 1/8 finalda meydan sahibləri bir-biri ilə qarşılaşmayacağından onlarla düşməyəcəyik. Həmin matçı da evdə oynamağımız üstünlüyümüzdür”.

Qeyd edək ki, Macarıstan, Türkiyə, Polşa və Slovakiyanın ev sahibliyi edəcəyi Avropa çempionatı sabah start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR