Azərbaycan turizm sektorunun gəlirləri I yarımillikdə 1% artıb

Azərbaycan turizm sektorunun gəlirləri I yarımillikdə 1% artıb
# 22 oktyabr 2009 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı 115-ə, bu müəssisələrdə çalışan işçilərin sayı isə 1 361-ə çatıb. Turizm müəssisələrinin 98,3%-ni özəl müəssisələr təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2009-cu ilin birinci yarısında turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi gəlirləri 1% artaraq 8 mln. manata çatıb, bunun da 6,2 mln. manatı bilavasitə turist xidmətlərindən əldə edilib. Ümumi gəlirin 7,9 mln. manatı, turizm xidmətlərindən əldə edilən gəlirin isə 6,1 mln. manatı Bakıda fəaliyyət göstərən müəssisələr hesabına formalaşıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhaliyə satılmış turist yollayış blanklarının sayı 4,4% artaraq 15 minə çatıb, onların 14,3 mini (95,3%-i) xaricdə və ölkədə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılıb.

Bundan başqa, 2009-cu ilin yanvar-iyun aylarında əhaliyə satılmış turist yollayış blanklarının dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 29,4% artaraq 5,7 mln. manat olub.

Bu dövr ərzində ölkəmizdə turizm fəaliyyəti göstərən müəssisələr tərəfindən 7,9 min nəfər turist qəbul edilib, 21,2 min nəfər turist isə göndərilib. Turizm müəssisələri tərəfindən qəbul edilən turistlərin 51,2%-i mehmanxana və qonaq evlərində, 7,8%-i pansionatlarda, istirahət evlərində və sanatoriyalarda, 41%-i isə digər yerlərdə yerləşdirilib.

İlin əvvəlindən istirahət etmək üçün qəbul edilmiş və istirahətə göndərilmiş turistlərin 48,4%-i hava nəqliyyatı, 46,4%-i avtobus və 5,2%-i digər nəqliyyat növləri vasitəsi ilə istirahət zonalarına çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR