“AITF-2010” bu il «Sərgiyə gəl - bir dünya kəşf et!» şüarı altında keçiriləcək

“AITF-2010” bu il «Sərgiyə gəl - bir dünya kəşf et!» şüarı altında keçiriləcək
# 10 mart 2010 12:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF 2010” bu il «Sərgiyə gəl - bir dünya kəşf et!» şüarı altında keçiriləcək və əsl turizm festivalına çevriləcək.

“İteca Caspian” şirkətindən «APA-Economics»ə verilən məlumata əsasən, IX Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 28-30-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

Sərginin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq “AITF 2010” sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.

Bu il sərgi 2 pavilyonda keçiriləcək və 100-dən çox şirkət iştirak edəcək. Ekspozisiya sahəsinin 80%-dən çox hissəsi tutulub. Sərgidə öz iştiraklarını artıq təsdiq etmiş şirkətlərin sayında 2009-cu ilə nisbətən bu il 20% artımın olacağı proqnozlaşdırılır. İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapur öz turizm istiqamətlərini təqdim edəcək.

Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər də bu ilki sərgidə iştirak edəcək. Belə ki, Türkiyə, Yunanıstan, Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki, Hindistan, Çexiya və Gürcüstan sərgi stendlərində öz ölkələrinin milli koloritlərini nümayiş etdirəcəklər. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edəcəklər. Başda Stavropol diyarının Qubernatoru olmaqla, “AITF 2010” sərgisinə bu bölgənin nümayəndə heyətinin rəsmi gəlişi gözlənilir. Stavropol diyarının tanınmış kurort şəhərləri olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk ziyarətçilərə sanatoriya müalicəsi üzrə xidmətlərin ən geniş diapazonunu təqdim edəcək.

İlk dəfə olaraq “AITF 2010” sərgisində Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunacaq. 2010-cu ildə “Azərbaycanın milli mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Gəncə “əfsanələr” şəhəri, Qazax “folklor paytaxtı”, Şəki isə “mədəniyyət paytaxtı” elan edilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, hazırda Azərbaycanın mənəvi irsləri ilə əlaqədar “Muğam - tur”, “Aşıq - tur”, “Xalça - tur” və “Novruz - tur” kimi turlar hazırlanır. Bu şəhərlərin və turların təqdimat mərasimləri “AITF 2010” sərgisində baş tutacaq. Ənənəvi olaraq sərgidə Qarabağ stendi də təqdim olunacaq və Azərbaycanın ən qədim torpağının əsrarəngiz gözəlliyə malik təbiəti nümayiş etdiriləcək. Stend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək. Ziyarətçilər hər bir regionun milli koloriti, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər.

Azərbaycanda qonaqpərvərlik sektorunun inkişaf perspektivləri bu gün sərginin keçirilməsinin aktuallığını bir daha zəruri edir. “AITF” sərgisi regionda turizm sənayesinin yeganə və mühüm hadisəsi sayılır. Bu tədbir turizm operatorları üçün işgüzar potensial və çeviklik nümayiş etdirmək, məhsuldar əlaqələr yaratmaq və şirkətin imicini yerli və beynəlxalq bazarlarda möhkəmləndirmək, eləcə də yerli bazarın çoxsaylı rəqibləri arasında seçilmək imkanı yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR