Azərbaycan iqtisadiyyatında turizm sənayesinin payı 2014-cü ildən sonra müəyyən ediləcək

Azərbaycan iqtisadiyyatında turizm sənayesinin payı 2014-cü ildən sonra müəyyən ediləcək
# 13 aprel 2010 11:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycana gələn turistlərin sayı ötən il 15% artıb. Ümumilikdə isə ölkəyə gələn insanların sayı 3% azalıb.

APA-Economics”in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

Onun dediyinə görə, 2008-ci ildə Azərbaycanda turist axınının 40% artdığını nəzərə alsaq, bu, son iki ildə 41%-ə qədər artımın göstəricisidir: “Ümumdünya Turizm Təşkilatı tərəfindən bu göstəricilər ən yaxşı göstərici kimi qəbul edilib”.

Nazirin bildirib ki, hazırda ölkədə turizm statistikasının təkmilləşdirilməyə ehtiyac var. Çünki bu sahədə xarici turistlərin statistikası aparıldığı halda, daxili turistlərin statistikası hələ müəyyən deyil və nəticədə ölkədə turizm sahəsinin ÜDM-də payını müəyyən etmək çətindir: “Mədəniyyət və Turizm Nazirliyinin qarşısına turizm sənayesinin ÜDM-in tərkibinə daxil edilməsi ilə bağlı vəzifə qoyulub və biz 2014-cü ildən etibarən Azərbaycan iqtisadiyyatında turizm sənayesinin payının neçə faiz təşkil edəcəyini deyə biləcəyik. Bugünkü statistika isə bu məlumatı açıqlamağa imkan vermir”.

Ə.Qarayev deyib ki, hazırda nazirliyin əsas məqsədi yerli turizm bazarının rəqabət qabiliyyətini artırmaq və açıq rəqabətli bazar kimi dünya aləminə tanıtmaqdır: “Azərbaycanda turizm sənayesində inhisarçılıq yoxdur, istənilən şirkət sərmayə qoyaraq qanunvericiliyə uyğun fəaliyyət göstərə bilər. Lakin bu sərmayələrin lazım olan ərazilərdə və beynəlxalq standartlara uyğun şəkildə xidmət göstərəcək turist şirkətlərinin yaradılmasında istifadəsinə önəm verilir”.

Nazir qeyd edib ki, nazirlik yerli turizm bazarında turizm şirkətlərinin daha çox olmasının və müxtəlif xidmətlər göstərməsinin tərəfdarıdır. Çünki göstərilən xidmətlərin geniş çeşidliliyi, müxtəlif sosial qruplar üzrə bölünməsi və turistlərin yerləşdirmə yerlərinin artımı və qiymətlərin rəqabətliliyinə və səmərəliliyinə təsir göstərəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR