Tiflisdə XII beynəlxalq turizm sərgisi keçirilir

Tiflisdə XII beynəlxalq turizm sərgisi keçirilir
# 23 aprel 2010 15:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində «CTF 2010» XII beynəlxalq turizm sərgisi başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aprelin 25-dək davam edəcək turizm sərgisi Tiflis şəhər meriyasının və Gürcüstan Turizm və Kurortlar Departamentinin dəstəyi ilə keçirilir.

Sərgidə 90 turizm şirkəti öz məhsullarını nümayiş etdirir. Sərgi çərçivəsində ilk dəfə olaraq Tiflisin turizm potensialı, turizm operatorlarının vasitəçiliyi ilə mədəniyyət, tarix və şərab növləri və digər sahələrə aid nümunələr təqdim edilir. Sərgidə eyni zamanda sanatoriya, pansionat və müalicə-sağlamlıq mərkəzləri, istirahət evləri, bölgələrdəki kurort zonaları da təqdim olunur.

Tədbirin açılışında Gürcüstanın iqtisadi-inkişaf naziri Zurab Pololikaşvili, xarici diplomatik korpusun nümayəndələri və rəsmi şəxslər iştirak edib. Gürcüstan turizm və kurortlar departamentinin marketinq üzrə rəisi Kansa Razmadze APA-ya açıqlamasında bildirib ki, belə tədbirlər Gürcüstanda və Cənubi Qafqazın digər bölgələrində vaxtaşırı təşkil edilir. Analoji tədbirlərdən biri aprelin 27-dən 30-dək Bakıda, digəri isə may ayının 7-dən 9-na kimi Batumidə keçiriləcək. Batumidə keçirilməsi planlaşdırılan tədbirə Azərbaycandan da turizm şirkətləri dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR