Naxçıvan MR-ə xaricdən gələn turistlərin sayı 30% artıb

Naxçıvan MR-ə xaricdən gələn turistlərin sayı 30% artıb
# 29 aprel 2010 09:38 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu ilin I rübündə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına (MR) xaricdən gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

Bu barədə «APA-Economics»ə Naxçıvan MR-in Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Güldəstə Babayeva məlumat verib.

G.Babayevanın sözlərinə görə, Naxçıvan MR-də Duzdağ Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət Qoruğu və Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına 30666,4 hektar genişləndirilməsi nəticəsində Zəngəzur Milli Parkı fəaliyyət göstərir ki, bu da turistlərin marağına səbəb olur.

Şöbə müdiri qeyd edib ki, Naxçıvan MR-da ekoloji turizmin inkişafı üçün tələb olunan şərait mövcuddur və bölgə tarix-mədəniyyət abidələri ilə tanınır: “Naxçıvanda 1165 tarixi abidə var. Bundan başqa, müalicəvi mineral sular bronxial astma, sinir sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Bütün bunlar xarici turistlərin geniş marağına səbəb olur. Onlar əsasən İran İslam Respublikasından və Türkiyədən gələn turistlərdir”.

G.Babayeva onu da bildirib ki, Naxçıvan MR-də yaxın 2-3 il ərzində turizmin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində 2 yeni Turizm İstirahət Mərkəzi tikiləcək. Bölgədə fəaliyyət göstərən istirahət mərkəzlərində və turizm şirkətlərində 1 günlük istirahətin qiyməti 10-15 manatdan 300-400 manatadək dəyişir. Bu qiymətə turistin qaldığı yerin şəraiti, yeməyi, əlavə müalicə xidmətləri, idmanla məşğul olmaq imkanı və digər xidmətlər daxildir: “Naxçıvanda bütün sosial təbəqələrə xidmət göstərən istirahət mərkəzlərində demək olar ki, boş yerlər olmur. Bütün hotellərin saytları var. Naxçıvan MR-in turizm saytının hazırlanması işləri başa çatmaq üzrədir və may ayında sayt istifadəyə veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR