Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı info-tur keçirilib – FOTOSESSIYA

Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı info-tur keçirilib – <font color=red>FOTOSESSIYA </font>
# 09 avqust 2010 07:43 (UTC +04:00)
Qəbələ. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Gilan-Turizm” MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı info-tur keçirilib. APA-nın Qəbələyə ezam olunmuş müxbirinin məlumatına görə, yerli və xarici turizm şirkətlərinin Qəbələdəki otel və sanatoriyalarla yaxından tanış olması, onlar arasında əlaqələrin qurulması, xidmətlərin nümayiş etdirilməsi, eləcə də daxili turizmin effektli və davamlı inkişaf etdirilməsi məqsədilə keçirilən info-turun ilk günü “Gilan Holdinq” MMC-nin “Qafqaz Riverside” Hotelinin təqdimatı olub. Tədbirdə 50-yə yaxın yerli, eləcə də xarici turizm şirkətin, 15-ə yaxın KİV-in nümayəndəsi iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayev bildirib ki, tədbirin keçirilməsi Qəbələ rayonunda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektləri turizm şirkətləri ilə yaxından tanış etmək, gələcəkdə daxili və xarici turistlərin rayonda qəbul olunması üçün operativ və keyfiyyətli iş fəaliyyəti göstərmək məqsədi daşıyır. "Qafqaz Riverside" otelinin baş administratoru Süleyman Məmmədovun sözlərinə görə, bu tip info-tur bir dəfə nəzərdə tutulub: “Həm xarici, həm də yerli turistlərin qısa bir zamanda otelimizə maraq göstərməsi əldə olunan uğurlardan biridir. “Gilan-Turizm” olaraq biz turizm sahəsində böyük işlər görmüş qardaş Türkiyədən peşəkar otelçi heyəti dəvət etmişik. Onlar vaxtaşırı keçirdikləri treninqlərdə burada xidmət səviyyəsinin dünya standartlarına çatdırılmasına çalışırlar”.

Otel rəsmisinin sözlərinə görə, oteldə hazırda 350 işçi heyəti fəaliyyət göstərir. Qeyd olunub ki, iyulun 29-da ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı keçirilən beş ulduzlu mehmanxananın 16 hektar ərazisi, yüksək standartlara cavab verən 123 nömrəsi və 38 kotteci var. Hoteldə restoran, konfrans zalları, sağlamlıq mərkəzi, sauna, üzgüçülük hovuzu, idman zalı fəaliyyət göstərir. Təqdimatda eləcə də “Gilan-Turizm” MMC Qəbələdə mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmin inkişafı sahəsində görülən işlərdən, qazanılan uğurlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən bəhs edilib.

Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova turizm sahəsində Qəbələdə son illər çoxsaylı işlər görüldüyünü diqqətə çatdırıb və bunun da turist axınına səbəb olduğunu qeyd edib: “Digər bölgələrlə yanaşı, Qəbələdə də turizmin inkişafına çox böyük diqqət yetirilir. Yaxın zamanlarda yəqin ki, yalnız yay mövsümü deyil, qış mövsümündə də daxili və xarici turistləri qəbul edəcəyik. Son 6 ay ərzində Qəbələyə 20 minə yaxın turist gəlib. Onların 5 mini xarici turistlər olub”.

Tədbirin proqramına uyğun olaraq həmin gün sou-proqram keçirilib. Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin işçiləri, turizm şirkətlərinin və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də Qəbələ Tarix Diyarşünaslıq Muzeyi və “Cümə” məscidi ilə də tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR