Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndəsi: “Azərbaycan turizm ölkəsi kimi beynəlxalq aləmdə kifayət qədər təbliğ olunur”

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndəsi: “Azərbaycan turizm ölkəsi kimi beynəlxalq aləmdə kifayət qədər təbliğ olunur”
# 27 sentyabr 2010 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Hazırda Azərbaycan turizm ölkəsi kimi beynəlxalq aləmdə kifayət qədər təbliğ olunur. CNN, BBC, “Euronews” və “National Geography” kimi məşhur kanallarında Azərbaycanın turizm potensialı il ərzində mütəmadi təbliğ edilir. Nazirliyimiz də il ərzində 20-yə yaxın beynəlxalq sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirir”. Bu sözləri APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şixəmmədov deyib.

V. Şıxəmmədov bu gün Azərbaycanda və dünyanın 154 ölkəsində Ümumdünya Turizm Gününün qeyd olunduğunu vurğulayıb: “Ümumdünya Turizm Təşkilatı 1970-ci ilə qədər müxtəlif adlarda fəaliyyət göstərib. 1970-ci il sentyabrın 27-si Ümumdünya Turizm Təşkilatı adı altında fəaliyyətə başlayıb. 1980-ci ildə qərar qəbul olunub ki, bu gün üzv ölkələrdə Ümumdünya Turizm Günü kimi qeyd edilsin. Hazırda dünyanın 154 üzv ölkəsi bu günü qeyd edir. Azərbaycan turizm sahəsinə müvafiq status verildiyi ildən - yəni 2001-ci ildən etibarən bu günü qeyd edir və həmin ildən də Azərbaycan bu təşkilatın üzvüdür. Azərbaycan bu təşkilat çərçivəsində keçirilən səsvermələrdə, müxtəlif tədbirlərdə iştirak edir, üzv ölkələrlə təcrübə mübadiləsi həyata keçirir”.

V. Şixəmmədov qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı”na əsasən növbəti beş il ərzində Azərbaycanda turizmin bütün sahələr üzrə inkişafı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR