Azərbaycan Turizm Bürosunun İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı baş tutub.
Dövlət Turizm Agentliyindən APA-ya verilən xəbərə görə, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.
Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.
Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək, təəssüratları bölüşüblər.
Qeyd edək, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi 8-29 iyun tarixlərində Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhəridə, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açılacaq.