Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadə oluna bilər

Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadə oluna bilər
  • Clock-gray 15:58
  • calendar-gray 12 Mart 2021

Azərbaycanda 350-dən çox palçıq vulkanı və palçıq təzahürlərinin geniş yayılması, müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə təsdiq olunmasına baxmayaraq bu sahə üzrə ixtisaslaşdırılmış müalicə-sağlamlıq mərkəzləri fəaliyyət göstərmir. 

APA-nın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında hesabatda bildirilib. Qeyd edilib ki, palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq DTA tərəfindən hazırlanıb. Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılıb. Burada turizm məqsədli istirahət yerləri, turizm mərkəzi, baxış nöqtəsi, turist cığırları, zıplayn, kvadrosıkl yolları və s. təşkili nəzərdə tutulur.

Hesabatda bildirilib ki, Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz. 

Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur. Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.

Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq, Babazənən, Qaynarca, Perşkül, Daşgil – ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb. Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş AxtarmaQaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür.

Günay Elşadqızı

Digər xəbərlər