Rusiyanın bəzi regionlarının sakinlərinin ölkə pasportları ilə Azərbaycana səfər edə bilməsi təklif olunur

Rusiyanın bəzi regionlarının sakinlərinin ölkə pasportları ilə Azərbaycana səfər edə bilməsi təklif olunur
  • Clock-gray 16:40
  • calendar-gray 29 Noyabr 2019

"Rusiyada bu yaxınlarda keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışım zamanı Rusiyanın bəzi vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif etmişəm".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.  Onun sözlərinə görə, iki ölkə arasındakı turizm münasibətləri yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə də əlaqələrin inkişafına yönəlib:

"Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinlərinin özlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır".

Fuad Nağıyev bildirib ki, bu il ərzində Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 7,7 faiz, Rusiyadan Azərbaycana gələn vətəndaşların sayı isə 6,1 faiz artıb:

"Dinamika müsbət olsa da, biz bu göstəriciləri kiçik hesab edirik. Buna görə işlərimizi davam etdirməliyik".

F. Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyi vizaların sadələşdirilməsi və bəzi ölkələrlə isə vizaların olmaması marağındadır:

"Vizaların verilməsi prosedurunun sadələşdirilməsi bizim marağımızdadır. Bəzi ölkələr üçün isə vizasiz rejimin tətbiq olunmasını istəyirik. Təbii ki, turizmin inkişafı ilə bağlı agentlik tərəfindən təklif edilən məsələlər çoxdur".

Agentlik sədri əlavə edib ki, hazırda Azərbaycanda elektron vizaların verilməsi uğurla tətbiq edilir:

"Elektron vizaların olması ölkəyə daha çox turistin gəlməsinə imkan yaradır".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date